Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu – 99 illik ORDUNUN YARANMA TARİXİ

18

Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu – Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordudur. Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.

Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasında (I cild) yazılır ki, 1918 il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi.

Sonra 1894-95-ci illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edildi. Çağırış – səfərbərlik işinin təşkili, bu sahədə mövcud olan əyintilərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin sərəncamına 5 min rubl vəsait ayrıldı. Hökumətin qərarı ilə Yelizavetpol əxzi-əsgər (əsgərliyə çağırış və ya hərbi çağırış) idarəsi Azərbaycan əxzi-əsgər idarəsi adlandırıldı və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirildi.

news-detail

Ordu quruculuğunun ilkin mərhələsi S.Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşdüyündən ciddi çətinliklərlə qarşılaşdı. Çünki yeni qoşun hissələrinin formalaşdırılması, çağırış və təchizat işlərinin yaxşılaşdırılması gərgin döyüşlərin aparılması ilə eyni vaxta düşmüşdü. Buna görə də Nuru paşanın başçılıq etdiyi türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə Cümhuriyyət ordusu zəruri döyüş hazırlığı səviyyəsinə malik deyildi.

Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.

Mudros barışığının (1918) şərtlərinə görə müttəfiq dövlətlər adından Bakıya göndərilən ingilis qüvvələrinin komandanı general Tomson hələ Azərbaycana gəlməmiş türk qoşunları kimi, Azərbaycan qoşunlarının da 1918-ci il noyabrın 17-dək Bakıdan çıxarılmasını tələb etdi. Çünki Tomson, öz ölkəsinin xarici siyasətinə uyğun olaraq, Bakını istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan Hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. İngilis komandanlığı nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi.

1918-ci il noyabrın 27-dən dekabrın 3-dək Gəncə və Ağdam ətrafındakı hərbi hissələrə səfər edən S.Mehmandarov şahidi olduğu nöqsanları ümumiləşdirərək, xüsusi əmrlə hissə komandirlərindən onların aradan qaldırılmasını tələb etdi.

news-detail

1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi.

Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdikcə mövcud idarəetmə strukturları da təkmilləşdirilirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli 40 saylı əmrilə Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin əsasında Topçu idarəsi yaradıldı. İdarə texniki və təftiş bölmələrindən ibarət idi. Texniki bölmə Azərbaycan ordusunun bütün nizami hissələrinin topçu texnikası, sursat və ləvazimatla təchiz olunması, bütünlükdə, topçu əmlakının mühafizəsi ilə məşğul olmalı, bunun üçün lazımi metodiki göstərişləri hazırlamalı, təftiş bölməsi isə topçu hissələrinin döyüş hazırlığı ilə məşğul olmalı və bunun üçün zəruri olan təlimatları, həmçinin metodiki sənədləri hazırlamalı idi.

Bir qədər sonra Ümumi qərargahın tərkibindəki İstehkamat şöbəsi də İstehkamat idarəsinə çevrildi.

Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa müddətdə yaratmaq mümkün olmadığı üçün, hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanıldı. Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Lakin bu qanunvericilik aktlarının Azərbaycanın müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən cəhətləri ləğv edilir, həmin məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz olunurdu. Həmin qanunvericilik aktlarına uyğun olaraq, Rusiya ordusunda tətbiq edilən hərbi rütbələr olduğu kimi, hərbi rütbələrin fərqlənmə nişanları olan poqonlar isə təkmilləşdirilərək Azərbaycan ordusunda istinad edilməyə başlandı. Əsgər heyəti üçün çavuş və baş çavuş rütbələri tətbiq edildi. Zabit rütbələri isə aşağıdakı kimi idi: praporşik, podporuçik, poruçik, ştabs-kapitan, kapitan podpolkovnik, polkovnik, general-mayor, general-leytenant, tam general. Süvari qoşunlarında tətbiq edilən rütbələr qismən fərqli idi – praporşik, kornet, poruçik, ştabs-kapitan, rotmistr, podpolkovnik, polkovnik, general-mayor, general leytenant, tam genaral.

news-detail

Qafqaz İslam Ordusunun zabitləri şəfqət bacıları ilə birlikdə. Gəncə, 1918.

Rütbələrin fərqlənmə nişanları olan poqonlar da Rusiya ordusunda istifadə olunan poqonlar idi. Ancaq həmin pcqonların üzərində “Azərbaycan” sözü yazılmışdı. Hərbi nazirin 1918-ci il 27 dekabr tarixli 34 saylı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlıların salamlaşma ənənələrinə uyğun aparılması təmin olundu. Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu. Hərbi qulluqçularim geyim formasında milli üsluba uyğun dəyişikliklər edildi. Bununla əlaqədar yaradılan xüsusi komissiyaya general-leytenant Əlağa Şıxlinski sədrlik edirdi. Komissiyanm hazırladığı geyim forması 1919-cu il yanvarın 11-dən rəsmiləşdirildi.

Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-praporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. Bu statusun mahiyyəti ondan ibarət idi ki, əgər əvvəlcə bu məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız hissələrdə bir neçə ay xidmət etdikdən və zabitliyə layiq olduqlarını sübuta yetirdikdən sonra alırdılarsa, praporşiklər məktəbini bitirənlərə ilkin zabit rütbəsi olan praporşik rütbəsi dərhal verilirdi. 1919 ilin sonunda isə praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri də açılmışdı.

1918-cu il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciət etdi. Müraciətdə əvvəllər çağırış işində yol verilən nöqsanlara, hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunulmaqla bərabər, bu halların aradan qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlandığı da bəyan edilirdi.

1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə müvəqqəti hərbi şura yaradıldı. Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə qədər Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olurdu. Onun tərkibinə piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, istehkamat və yeni yaradılmış ləvazimat idarələrinin rəisləri, General-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi.1919-cu ilin martında Azərbaycan ordusunun idarəetme orqanlarında mühüm keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə mart ayının 26-da Baş ərkani-hərb (Baş qərargah) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. Bundan sonra ordu hissələrinin formalaşdırılması daha ahəngdar xarakter aldı. 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari alayının təşkili tezliklə başa çatdırıldı.

news-detail

Xalq Cümhuriyyəti ordusunun zabitləri, Gəncə, 1918.

Azərbaycandakı ingilis qüvvələrinin komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Bu qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. Azərbaycan qoşun hissələrinin Bakıya daxil olması münasibətilə hərbi nazir S.Mehmandarov da paytaxta gəldi. Şəhər əhalisi Azərbaycan ordusunun qoşun hissələrini çox böyük ruh yüksəkliyi və təntənə ilə qarşıladı.

1919-cu ilin yayında və payızında Azərbaycan ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməyə başlaması ilə 1919-cu il iyunun sonu – iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü.

1919 ilin iyun – iyul aylarında Zaqatala və Bakı piyada alaylarının formalaşdırılması başa çatdıqdan sonra İkinci piyada diviziyasının təşkil edilməsi zərurəti yarandı. Hərbi nazirin 1919-cu il 14 iyul tarixli müvafiq əmri ilə 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə alayları Birinci piyada diviziyasında, 4-cü Quba və 5-ci Bakı piyada alayları isə 2-ci piyada diviziyasında birləşdirildilər.

Milli ordunun qoşun hissələri 1919-cu il avqustun 12-dən sentyabr ayının 3-dək Lənkəran əməliyyatında iştirak edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər.

news-detail

1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamçılar hissəsi idi. Bu strukturun yaradılmasından başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə, Bakı şəhərinin etibarlı müdafiəsini təşkil etmək idi.

Sentyabr ayında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının formalaşdırılmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avtomobillər dəstəsinin, sentyabrın 24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə “Astarabad” hərbi gəmisinin ştatlarının formalaşdırılması başa çatdırıldı.

6-cı Göyçay piyada alayının formalaşdırılması böyük sürətlə aparılırdı. Qışlaların çatışmamasına, geyim, ərzaq çətinliklərinin olmasına baxmayaraq, 1919-cu il oktyabrın sonuna qədər alayın təşkili, demək olar ki, başa çatdırıldı.

Milli ordu hissələri 1919-cu il noyabrın 3-dən 7-əsasən, 1-ci piyada diviziyasının hissələrindən təşkil edilmiş Zəngəzur ekspedisiyasının tərkibində erməni qüvvələrinə qarşı döyüş tapşırığını yerinə yetirdilər. 1919-cu ilin sonuna kimi Lənkəran köməkçi (ehtiyat) taboru alaya çevrilərək, 7-ci Şirvan alayı adlandırıldı. Həmin il 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması başa çatdırıldı.

Hərbi nazirlik bütün bu təşkilati işləri həyata keçirməklə 1919-cu ilin sonunadək Azərbaycan ordusunun heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min başa, 1920-ci ildə isə ordunun sayını 40 min nəfərə, atların sayını 10 min başa çatdırmağı nəzərdə tuturdu. Buna nail olmaq üçün 1920-ci ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması planlaşdırıldı. Tərtib edilmiş fəaliyyət planına görə il ərzində 9-cu piyada alayı, 4-cü süvari alayı, iki qaubitsa batareyası, qaubitsa divizionunun qərargahı, bir dağ-süvari batareyası, dağ-süvari divizionun qərargahı, üç batareyadan ibarət yüngül səhra divizionu və onun qərargahı, hər biri bir bölükdən ibarət olan məhəlli komanda və hər biri yarım bölükdən ibarət olan üç məhəlli komanda yaradılmalı idi.

news-detail

Xalq Cümhuriyyəti ordusunun orkestri.

1919-cu ilin yayından əvvəlcə Qarabağda, sonra Lənkəranda, daha sonra isə Zəngəzurda hərbi şəraitin kəskinləşməsinə baxmayaraq, hərbi nazirliyin rəhbərliyi on quruculuğu işindəki ahəngdarlığı saxlamağa çalışırdı. 1920-ci ilin elə ilk günündən 3-cü zirehli qatarın komplektləşdirilməsinə başlandı. 1920-ci ilin əvvəllərində növbəti çağırış – səfərbərlik kampaniyası başlandı və ordunun ali idarəetmə orqanlarında əsaslı struktur dəyişiklikləri aparıldı. Həmin ilin mart ayında Baş ərkani-hərblə (Baş qərargahla) Ümumi qərargah birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı yaradıldı. Mərkəzi təminat və təchizat orqanları isə birləşdirilərək Azərbaycan ordusu təchizat rəisinin idarəsi təşkil edildi.

1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası. Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi. Hər pulemyot bölüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və bir qeyri-nizami bölük var idi. Alayların ştat tərkibi onların hamısında eyni deyildi. Məsələn, 1-ci Cavanşir piyada alayının ştat tərkibi 2881 nəfər, 2-ci Zaqatala piyada alayınınkı isə 2834 nəfər idi.

Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi. Süvari bölüyünün ştat tərkibi 356 nəfərdən, süvari alayının ştat tərkibi isə 744 nəfərdən ibarət idi.

Topçu briqadaları iki diviziondan təşkil edilmişdilər. Bu divizionlardan biri yüngül topçu divizionu, digəri isə dağ topçu divizionu idi. Yüngül topçu divizionunda üç batareya, dağ topçu divizionunda isə iki batareya vardi. Hər batareyanın sərəncamına dörd ədəd top verilmişdi.

1920-ci ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və milli mənafelərə xidmət edən ordu quruculuğu yarımçıq qaldı. Aprel işğalından (1920) dərhal sonra Cümhuriyyət ordusunun hissələri ləğv edildi, müstəqillik dövründə milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olundu.

Enter.News

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here