Ermənilərin təxtribatı ilə əlaqədar bu gün Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçiriləcək

6

ABŞ-da yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə bu gün Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.

Bu gün, həmçinin Nyu Yorkda BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcəklər.

Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək.

Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here