“Gecələr mənim dostum, sirdaşım və dərd ortağım olub”

53

          Ağalarova Əzimə Xaspolad qızı 1959-cu ildə Zərdab şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsinə daxil olub. Əmək fəaliyyətinə 1984-də Azərbaycan Daxili İşlər Nazirliyində başlayıb və 1993-cü ildən də Almaniyanın Hamburq şəhərində yaşayır. Beş kitab müəllifidir. “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh”, “A long trip from Baku to Cairo and Stokholm” və “Yıpranmış hayallerin peşinde” əsərlərinin müəllifidir.

– Öncə ədəbiyyata gəlişinizdən söz açardız. Yazdığınız əsərlər bu gün Sizə nə qismət eləyib? Nələr qazanıb, nələri itiribsiz?

– Mən yazmağa 2013-cü ildə yəni 54 yaşında böyük nəvəmin bir sözü ilə başlamışam. Nəvəm məktəbdə hər dəfə inşa yazarkən gəlib mənə göstərər və həqiqətən də maraqlı inşalar yazardı. Bir gün ona dedim ki, mən də məktəbli olduğum zaman sənin kimi maraqlı inşalar yazırdım. Hətta 15 yaşında əsər yazmaq istədim. Amma qərarımdan tez döndüm. Nəvəm dedi ki, indi yaz. Artıq çox gec olduğunu dedim. Çox israr etdi. Mən də nəvəmin qəlbini qirmadım və yazmağa başladım. Yəqin bu mənim üçün bir bəhanə oldu və illərdi içimdə yığılıb qalmiş niskillərimi vərəq üzərinə tökdüm. Yazıçı olmaq mənə çox şey verdi. Amma itirəcəyim heç bir şey olmadı. Beləki artıq Azərbaycan, Türkiyə, İsveç və Misirdə əsərlərimi oxuyurlar və tanınıram. Hər gün yüzlərlə məktub alıram. Bundan gözəl nə ola bilər ki… Mənim 58 yaşım var amma insanların mənə olan sevgisi ruhən məni çox gəncləşdirir.

– Sizin gözəl əsrləriniz var. Bunlar içərisində türk dilində “Yıpranmış hayallerin peşinde” əsəri bir oxucu kimi məni daha çox təsirləndirib. Bizə əsərin yazılması və oradakı əhvalatlar haqqında söz açsaz sevinərdik.

            – Bəli, doğrudan da mənim oxunaqlı əsərlərim var. Bunlardan ilk olaraq “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh” və sonuncu isə “Yıpranmış hayallerin peşinde” əsərləridir. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərim 2015-ci ildə İsveçdə ingilis dilində “A long trip from Baku to Cairo and Stokholm” adı altında  nəşr olunub. Avropanın 5 ölkəsində “online” satışa verilib. Bunlardan İngiltərənin “Biblio.co.uk” saytını göstərmək olar. “Yıpranmış hayallerin peşinde” əsərimsə keçən il Anadolu türkcəsi ilə Türkiyədə çap olunub. Düzü bu əsərin Türkiyədə bu qədər tanınacağını təxmin etməzdim. Türk qardaşlarımız sağ olsunlar, çox bəyəniblər. Əsəri tam anlatmaq imkansız, oxumaq lazımdır. Amma qısaca deyim ki, bu əsər 80-ci illərdə Türkiyə sevgisi ilə alışıb yanan amma Sovetlərin icazəsi olmadığı üçün gedə bilməyən bir Azərbaycanlı qızın timsalında bütün Azərbaycanı anlatmağa çalışmışam. O zamanlar bizim üçün Türkiyə qibləgah idi, yəni indi necə ki, hər kəs Həcə getməyi arzu edir, o zaman da hər kəs Türkiyəyə getmək arzusunda idi. Suzan da Türkiyəyə aşiq olan minlərlə azərbaycanlıdan birisi olub. O deyir ki, mən bu cənnət ölkədə cəhənnəmi yaşamağa razıyam, təki ora gedə bilim və orada qalım. Arzuya bir baxın? Bəli, o çətinliklə Türkiyəyə gəlib çıxır və arzuladığı cəhənnəm həyatını yaşayır. Başına nələr gəlmir ki… Türk İstihbaratı onu KGB agenti olduğunu düşünür və həbs edir. Amma heç bir şey, çəkdiyi əzablar onun Türkiyəyə olan sevgisini azaltmır.

– Hal-hazırda qardaş dövlətdə yeni əsərlər üzərində işləyirsiz? Əsərlərinizi Azərbaycan türkcəsinə çevirmək və Azərbaycan oxucuları üçündə romanlarınızı yüksək trajla çap etdirmək istəyirsiz?

– Bəli, mən hal-hazırda yeni bir əsər üzərində işləyirəm.  Əsərin adı “Ağlayan Divar”dır. Bu da türkcədir və Türkiyədə inşallah payızda çap olunacaq. Mən bu əsəri yazmaq üçün uzun bir səyahətə çıxdım. Dünən evimə, Almaniyaya döndüm. Türkiyə, Yunan Adaları, İsrail və Fələstində oldum. Bu əsərimdə çox maraqlıdır. Mən ümumiyyətlə əsərlərimi yaşayaraq yazıram. Əsərlərimdə cərəyan edən hadisələr hansı ölkədə baş verirsə mütləq oraya gedirəm. Bu əsərim üçün də Qudüsdə həm “Ağlama Divarını” ziyarət etdim, həm də Məscidi-Aksani ziyarət etdim. Bilirsiniz Qudüs üç səmavi dinin ortaq nöqtələri olan müqəddəs bir torpaqdır. Oranı görmək çok gözəl bir duyğudur, anlatmam çok şətindir.

“Yıpranmış hayallerin peşinde” əsərim Azərbaycanda satışda var. “Kitabevim.az” mağazasında satılır. Onu da deyim ki, istər Türkiyədə, istərsədə Azərbaycanda bu əsərdən gələn gəlir kimsəsiz uşaqlara və ya kasıb tələbələrə verilir.

Azərbaycanda əsərlərim çap olunub amma yüksək tirajla çap olunması üçün gərək mənə təklif gəlsin.

– Türk dili ilə yanaşı dünya dillərində də əsərləriniz çap olunur? Birdə əsərlərinizdə cərayan edən hadisələr real həyatdan götürülübdür?

– Yuxarıda da qeyd etdiyim kimi mənim “Bakıdan Gahireye və Stokholma uzanan yol” əsərim İsveçdə İngilis dilində çap olunub və Avropanın 5 ölkəsində “online” satışa verilib.

Onuda deyim ki, bütün əsərlərim təxəyyülümün məhsuludur. Sadəcə “Yıpranmış hayallerin peşinde” əsərimdə minlərcə azərbaycanlının Türkiyəyə olan sevgisini anlamışam. Doğurdan da biz millət olaraq Türkiyəyə aşiq idik.

– Türkiyədə bu gün kitab mütaliəsi hansı səviyyədədir? Müasir türk oxucusu hansı əsərləri oxuyur?

            – Mən bu suala təəssüf ki, tam cavab verə bilmərəm. Axı mən Türkiyədə yaşamıram. Mən Avropada yaşayıram. Amma əsərimi çox sevdilər və “Yıpranmış hayallerin peşinde” əsərim bir başqa nəşriyyat tərəfindən yüksək tirajla çapa hazırlanır. Eyni zamanda üç şirkətdən film üçün təklif almışam. Ssenarini yenicə yazıb bitirdik. Onuda deyim ki, Ssenarini Azərbaycanın tanınmış yazarı Sabir Sahtaxtı yazıb.

– Xaricdə yaşaya-yaşaya Azərbaycan ədəbiyyatını da izləyirsiz? Azərbaycan ədəbiyyatından kimləri oxuyubsuz və hazırda da oxuyursuz?

– Mən düzü Avropaya gəldikdən sonra 20 il Azərbaycan Ədəbiyatını izləmədim. Burda bir başqa həyat var. Mən də yaşadığım ölkənin yaşam tərzinə uyum saxladım. İngilis və Alman dilində vaxtım olduqca kitablar oxuyurdum. Amma dörd ildir ki, Azərbaycan ədəbiyyatını izləyirəm. Nə dərəcədə nail olmuşam bax bunu deyə bilmərəm. Amma insanın içini titrədən bir əsərə rast gəlməmişəm. Bəlkədə səhv fikirləşirəm. Amma baxın bir əsəri oxuyarkən sən o əsərlə və hadisələrlə yaşayırsansa o əsərdir. Təəssüf ki, elə əsərlər var ki, bir neçə səhifədən sonra oxumaq istəmirsən. Mən həm Azərbaycan, həm də dünya klassiklərinin demək olar ki, hamısını oxumuşam.

            – Əsərlərinizi necə yazırsız? Bu həqiqətən də bizim üçün çox maraqlıdır. Bu haqda danışsaz sevinərdik.

– Mənim qəribə yazı üslubum var. Ümumiyyətlə bir əsəri yazmağa başlarkən heç bir şey düşünmürəm. Kompüterin qabağında otururam. Əvvəl onunla klassik bir musiqi dinləyirəm. Gözlərimi yumub musiqi ilə yaşayıram. Duyğularım yaranır və mənə diktə edir. Beləcə mən də yazıram. Vəssalam. Bəzən bir ay belə, bir kəlmə yazmıram. Bəzən də bütün gecə sabaha qədər yazıram. Onuda deyim ki, mən yalnız gecələr hər yatdıqdan sonra yazıram. Gecələr artıq mənim dostum, sirdaşım, dərd ortağım olub. Bəzən hönkür-hönkür ağlayıram. Öz yazdığıma özüm ağlayıram. Nə bilim, mən də beləyəm.

– Sonda gələcək planlarınızdan danışardız.

– Mənim gələcək haqqında heç bir planım yoxdur. Hər zaman həyatın məni yönləndirdiyi axarla getmişəm. Və deyim ki, çox böyük uğurlar da qazanmışam.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here