Nəriman Nərimanovun Türkiyə siyasəti və türkçülük mövqeyi

6

I YAZI

N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibəti xüsusi yer tutmuşdur.

N.Nərimanov hələ hakimiyyətə gəlməmişdən əvvəl, 1918-ci ildə Zaqafqaziya seyminin Osmanlı dövlətinə qarşı müharibə etməsini pisləmişdi. O, Nargin adasında saxlanılan türk hərbi əsirlərinə baş çəkmiş, onlara təcili tibbi və mənəvi yardım etməyi məsləhət görmüşdü. Türk ordusunun Bakını tərk etməsini əhalinin inamını doğrultmayan, onu məyus edən səhv bir addım kimi qiymətləndirmişdi. Bolşeviklərin İstanbulun Türkiyə dövlətinə məxsusluğunu qəbul etməsini alqışlamışdı.

N.Nərimanovun Türkiyə siyasətini araşdırmadan əvvəl, o zamanın Rusiya-Türkiyə münasibətlərinə ümumi şəkildə nəzər salmaq lazımdır. İlk əvvəl onu qeyd etmək lazımdır ki, Rusiyada bolşeviklər hakimiyyətə gəldikdə, Türkiyə hələ də sultan hakimiyyəti altında idi və Almaniya ilə koalisiyada Rusiyaya qarşı, əsasən də Qafqaz cəbhəsində müharibə aparırdı. Osmanlı dövlətinin müharibədə məğlubiyyəti tamamilə yeni şərait yaratdı. 1919-cu ilin avqustunda keçirilən Ərzurum konqresində Mustafa Kamalın sədrliyi ilə Nümayəndəlik Komitəsi yaradıldı. Bu orqan Türkiyənin müvəqqəti hökuməti statusunda idi. Buna paralel olaraq İstanbulda sultan hökuməti öz hakimiyyətindən əl çəkmək istəmirdi. Nəhayət, 1920-ci il aprelin 23-də Kamalçılar tərəfindən Ankarada çağırılan Türkiyə Böyük Millət Məclisi özünü ölkənin yeganə qanuni hakimiyyəti elan etdi. Beləliklə, ölkədə ikihakimiyyətlilik yarandı. Ərzurum konqresindən sonra Türkiyə sovet Rusiyası ilə əlaqə yaratmağa can atırdı.

news-detail

Bu məqsədlə hələ 1919-cu ilin yayında Mustafa Kamal Paşa Yunus Nadi adlı nümayəndəsini Moskvaya göndərdi. Amma o, heç bir nəticə əldə edə bilmədi. 1920-ci ilin əvvəllərində Mustafa Kamal Paşa bildirirdi ki, Qafqaz respublikalarının sovet Rusiyası ilə əlaqələrinin mürəkkəbliyi Türkiyəyə maneçilik törətdiyindən, bolşeviklərlə birbaşa əlaqə yaratmaq lazımdır. Bu məqsədlə Kazım Karabəkir Paşanın rəhbərliyi altında Şərq cəbhəsi yaradıldı, Xəlil Paşanın rəhbərliyi altında Moskvaya nümayəndə heyəti göndərildi və nəhayət, əlaqə quruldu. 1920-ci il aprelin 23-də Azərbaycanın əsas tarixi müttəfiqi olan Türkiyədə hakimiyyət dəyişiklikləri baş verdi. Ankarada çağırılan Türkiyə Böyük Millət Məclisi millətlərin müstəqil dövlət yaratmaq hüququnu vurğulayaraq özünü türklərin yeganə nümayəndəsi kimi bəyan etdi. Amma dünya siyasəti heç də Türkiyənin xeyrinə inkişaf etmirdi. Bu səbəbdən 1920-ci il aprelin 26-da Mustafa Kamal Paşa Leninə məktubla müraciət edərək öz xarici siyasətinin əsas prinsiplərini izah etdi. Müraciətin əsas mahiyyəti, iki ölkə arasında diplomatik əlaqələrin yaradılması, imperialist dövlətlərə qarşı birgə hərbi siyasət aparılması, Azərbaycanla sovet Rusiyası arasında münasibətlərin tənzimlənməsi və nəhayət, Rusiya tərəfindən Türkiyəyə silah və pulla yardım göstərilməsi idi. Bu məktubun Azərbaycanın sovetləşdirilməsində hər hansı bir rolunu qeyd edənlər əsassızdırlar. Ona görə ki, məktub Azərbaycanda sovet hakimiyyətinin qurulmağından cəmi iki gün əvvəl yazılmış və artıq Azərbaycan sovetləşəndən sonra Leninə çatmışdı. Bu məktub sadəcə mövqe ifadə etməkdən artıq heç bir rol oynamamışdır. Təsadüfi deyil ki, Atatürk sovet Azərbaycanı ilə məmnuniyyətlə əməkdaşlıq etmişdir. Yeniləşməkdə olan Mustafa Kamal Paşa Türkiyəsinin bolşevik Rusiyası ilə əlaqələrinin yaxşılaşması və sıxlaşması məsələləri 1920-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisinin iclasında da çox ciddi olaraq müzakirə olundu. Çıxış edənlərdən Millət Məclisinin sədr müavini Adnan bəy xüsusi qeyd edirdi ki, bolşeviklərlə ittifaq bizə milli maraqlarımız üçün lazımdır. Antanta isə Mustafa Kamaldan Sultan hökumətinə tabe olmağı tələb edirdi. Belə halda bundan irəli gələn nəticələr meydana çıxırdı. Ən əsas nəticələrdən biri Mustafa Kamal Türkiyəsinin Rusiya ilə hərbi qarşıdurmasının meydana çıxması idi. 1920-ci ilin may ayında TBMM nümayəndələrinin xarici ölkəyə ilk rəsmi səfəri məhz sovet Rusiyasına oldu. İyun ayında artıq Rusiyadan Türkiyənin ünvanına xoş xəbərlər gəlirdi. 1920-ci ilin ikinci yarısında Türkiyə ilə sovet Rusiyası arasında diplomatik əlaqələr yarandı. Mustafa Kamal Paşa fəxrlə qeyd edirdi ki, bu, Türkiyənin xarici siyasətdə qəbul etdiyi ilk qərar idi.

news-detail

Türk Qurtuluş Savaşının davam etdiyi sırada, Afyonkarahisarda Mustafa Kamal Atatürk Rusiya Sovet Sosialist Cümhuriyyətinin heyəti ilə…

Azərbaycanda sovet hakimiyyəti qurulduqda N.Nərimanovun siyasətində Türkiyə-Rusiya-Azərbaycan strateji üçbucaq maraqları özünü büruzə verməyə başladı. N.Nərimanov Azərbaycanın maraqlarını Mustafa Kamal Türkiyəsi ilə sıx əlaqədə görmüş və bu birgə maraqları sovet Rusiyası ilə əlaqələndirmişdir. Qafqaz problemlərinin həlli yolları indiyədək ancaq üç Qafqaz dövlətlərinin bir-biri ilə, bu üçünün də sovet Rusiyası ilə və Ermənistanın Türkiyə ilə qarşıdurması şəraitində axtarılırdısa, yeni şəraitdə danışıq yolu ilə həllin imkanları meydana çıxmışdı. Bu beş dövlət arasında müxtəlif formalarda sərhəd məsələlərinin müzakirəsi başladı. Ən kəskin məsələ Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhəd problemləri idi. Türkiyənin sovet Rusiyası ilə münasibətlərinin xoş gedişi bəzi məsələlərin Azərbaycanın xeyrinə həll olunması üçün əlverişli şərait yaradırdı. Naxçıvanın taleyinin həllində bu özünü açıq şəkildə göstərirdi. Türkiyədən Moskvaya göndərilən heyətlərin hamısı Bakıda dayanaraq Bakı ilə gizli məsləhətləşmədən sonra Moskvaya gedirdilər. Hər gələn nümayəndə heyətini N.Nərimanov Moskvaya, Leninə və Çiçerinə Türkiyənin xeyrinə olan tövsiyələri ilə yola salmışdır. N.Nərimanov Şərq ölkələri barədə Leninlə dəfələrlə danışmış və hətta ona təsir etdiyini də vurğulamışdır. O, qürurla deyirdi: “Yeni, inqilabi Türkiyənin dirçəlişi bu təsirin nəticəsi deyilmi?”. Rus imperiyasının tarixi iddialarına baxmayaraq Lenin bəyan edirdi ki, İstanbul Türkiyə şəhəri olaraq qalmalıdır. Leninin bu mövqeyi Türkiyəyə bu tərəfdən xatircəm olaraq bütün diqqətini başqa sərhədlərdə cəmləşdirməyə imkan verdi.

N.Nərimanov Azərbaycan hökumətinin başçısı olan kimi ilk addımlarından biri Türkiyəyə, Mustafa Kamal Paşaya müraciət etmək olmuşdur. Məktubda o, iki xalq arasında münasibəti özünəməxsus dolğun formada ifadə edərək “qardaşlıq silahı ilə silahlanmaq” kimi dəyərləndirmişdir. Tezliklə iki dövlət arasında münasibətləri tənzimləmək üçün Bakıda və Ankarada nümayəndəliklər açılmışdır. 1921-ci il oktyabrın 22-də İ.Əbilov etimadnaməsini şəxsən Mustafa Kamal Paşaya təqdim etmişdir. Bu mərasim iki dövlət və xalq arasında qurulmaqda olan inamın və qarşılıqlı anlaşmanın təzahürü idi. İ.Əbilovun 8 noyabr tarixli məktubundan aydın olur ki, mərasimdə çıxış edən Mustafa Kamal Paşa Azərbaycanın və N.Nərimanovun ünvanına xoş sözlər söyləmişdir. Oktyabrın 23-də Azərbaycanın Ankarada rəsmi nümayəndəliyinin binasının açılışı oldu. İ.Əbilovun təklifi ilə Azərbaycan bayrağını bina üzərində Mustafa Kamal Paşa qaldırdı. İ.Əbilovun 1921-ci il 28 sentyabr və 3 fevral tarixli məktublarında iki ölkə arasında daim inkişafda olan dostluq haqqında və Türkiyə xalqının Azərbaycana qarşı artmaqda olan səmimiyyəti haqqında məlumatlar verilirdi. 1922-ci il sentyabrın 17-də Bakıda xüsusi “Qırmızı aypara” iməciliyi keçirildi və əldə olunan bütün gəlir Türkiyəyə göndərildi (294, 19 sentyabr 1922, № 180).

Mustafa Kamal Paşa tərəfindən Türkiyənin aparılan istər daxili, istər də xarici siyasəti çox mürəkkəb bir tarixi şəraitdə həyata keçirilirdi. Cəmiyyətdə və hakim strukturlarda parçalanma göz qabağında idi. Belə proseslər hər hansı yeniləşməkdə olan cəmiyyətə məxsus olduğundan bu fikir ayrılığına Atatürk soyuqqanlıqla baxır, nəticə çıxararaq iradəsini həyata keçirir və Türkiyəni yeniləşmə yolu ilə aparmaqda davam edirdi. O dövrdə yeniləşən tək Türkiyə deyildi. Rusiya imperiyası dağıldığından onun ərazisində yerləşən xalqlar da bu yolla gedirdilər. Hərəsi yeniləşməni müxtəlif yolla düşünürdü. Mustafa Kamal Paşanın digərləri ilə fikir ayrılığı var idi. Bu fikir ayrılığının mahiyyətini Mustafa Kamal Paşa İ.Əbilovla söhbətində izah edirdi. O deyirdi ki, Türkiyənin Böyük Millət Məclisində üç qrup vardır.

news-detail

Birinci qrup sultan hakimiyyətini və xilafətin mahiyyətini saxlamaq istəyənlərdir. Bunlar belə hesab edirlər ki, dinin vasitəsi ilə Türkiyə istər Qərbi, istərsə də Şərqi işğal edə bilər. Taktiki baxışda onlar “ya sülh, ya müharibə” tərəfdarları idilər. Mustafa Kamal Paşa isə “hərb” və yaxud “sülh” siyasətini dövlətlərin mahiyyətindən asılı olaraq həyata keçirirdi. Misal üçün, Türkiyə torpaqlarında gözləri olan bir çox Avropa dövlətləri Ermənistanla “hərb”, sovet Rusiyası ilə “sülh” siyasəti həyata keçirirdi və i.a.

İkinci qrup sırf avropalaşma siyasətinin tərəfdarları idi. Bunlara “qərbçilər” də deyirdilər. Bunlar, əsasən, Mustafa Kamal Paşadan narazı olan keçmiş sultan generalları idi. Sovet-türk dostluğunun qatı düşmənləri olaraq onlar dost sifəti ilə ancaq Avropa dövlətlərini, xüsusən İngiltərə, yaxud Fransanı görür və Sovet-Türkiyə sazişinə qarşı İngiltərə-Türkiyə və ya Fransa-Türkiyə sazişini qoymaq istəyirdilər.

Üçüncü qrup Atatürkün tərəfdarları idi. Atatürk bunların siyasi baxışlarını belə izah edirdi ki, onlar sultan hakimiyyətinə qarşı çıxırdılar və Rusiya ilə dostluğun tərəfdarları idilər. Bu qrup Türkiyənin milli maraqlarına toxunmadan Qərb dövlətləri ilə dostluğun lazımlığını və vacibliyini dərk edirdilər. Mustafa Kamal Paşa özünün sultana və Qərb dövlətlərinə qarşı açıq çıxış etmədiyini də siyasətinin taktikası ilə izah və etiraf edirdi.

N.Nərimanov hökuməti Türkiyənin TBMM-dəki həmin qrupları arasında seçim etmək məcburiyyətində qalmamışdır. O, hakimiyyətə gələrkən “Mustafa Kamal Paşanın Türkiyəsi bizim dostumuzdur” deyə bəyanat verir və bu mövqeyini xüsusi olaraq belə vurğulayır: “Əgər bütün dünya ilə müharibə baş versə belə, Rusiya və Azərbaycan Türkiyə ilə həmrəy fəaliyyətdə olacaq”. N.Nərimanov əlavə edərək deyir: “Tamam yeni inqilabi Türkiyə doğuldu və özünün son sözünü dedi: Biz öz türk həyatımızla yaşayacağıq və bizim üzərimizdə dayə olmaq istəyənləri tamamilə rədd edirik”. 1922-ci il aprelin 10-da N.Nərimanov RK(b)P MK-ya və Stalinə yazırdı: “Bütün vasitələrlə Ankara hökumətinə yardım etmək lazımdır ki, onlar öz milli azadlıq mübarizələrini başa çatdırsınlar, əgər bunun üçün lazımi vəsaitimiz çatışmırsa, onda biz heç olmasa mətbuat vasitəsilə onlara hiss etdirməliyik ki, biz onların dostuyuq”. Yeni yaranmış vəziyyətdə Azərbaycanın mövqeyi xalq xarici işlər komissarı M.Hüseynovun tərəfindən çox aydın şərh edilmişdir. O deyir ki, Türkiyə öz azadlığı uğrunda vuruşanda biz onunla idik, Türkiyə daşnaklarla vuruşanda biz daşnakların diqqətini Türkiyə ilə müharibədən yayındırırdıq, Ermənistanda sovet hakimiyyəti qurulduğundan biz problemlərin həllini artıq danışıqlarda görürük. O xüsusi olaraq vurğulayırdı ki, Azərbaycan sovet respublikaları ilə Türkiyə arasında ən yaxşı münasibətlərin qurulması uğrunda daima çalışmışdır və çalışır.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Davamı var…

Enter.News

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here