Nəriman Nərimanovun unudulan və yaddan çıxan Türkiyə siyasəti və türkçülük mövqeyi – II YAZI

7

II YAZI

(Yazının əvvəlini bu linkdən oxuyun)

O zamanlar erməni problemi həm Azərbaycan, həm Türkiyə üçün aktual məna kəsb edirdi. Ona görə də N.Nərimanov Rusiyanın və Leninin Türkiyəyə qarşı olan siyasətinin formalaşmasında bu amilin düzgün həllini tapmasını özünə borc bilmişdir. N.Nərimanov 1921-ci ilin fevralında Leninə məktubunda yazırdı: “Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Əgər biz bu məsələdə güzəştə getsək, camaat bizim arxamızca getməyəcək. Burası da var ki, həmin məsələnin bizim xeyrimizə həll edilməsi qüdrətimizi daha da artırar”. Bu sözlərlə N.Nərimanov açıq-aydın bildirmişdir ki, Azərbaycan xalqının ürəyi Türkiyə ilə döyünür. Yəni Türkiyənin ziyanına Rusiyanın qəbul edə biləcəyi hər hansı bir qərar azərbaycanlıları Rusiyadan soyuda bilər. Leninə müraciətdə isə N.Nərimanov deyirdi: “Moskva erməni məsələsinə görə türkləri özündən uzaqlaşdırsa, onlar məyus olub, İngiltərəyə üz tuta bilərlər. Əgər indi türklərdən üz döndərsək, biz müsəlman Şərqində bütün nüfuzumuzu itirərik, həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi açmış olarıq. Şərqdə son dərəcə gərgin bir şəraitdə biz türklərlə müharibəyə başlasaq, bu, bizim Şərq siyasətimizin iflasının başlanğıcı olacaqdır”. Bu məktubunda N.Nərimanov sovetlərin Türkiyə ilə münasibətində “uzaqlaşma”, “üz döndərmə” və “müharibə” siyasətini məqbul saymırdı. Onun fikrincə, bunların hər hansı birinin baş verməsi belə sovetlərin siyasətinin iflası olardı. Leninin dərkənarı əsasında bu məktubla Kamenev, Zinovyev, Rıkov, Buxarin, Radek, Kalinin və başqaları tanış olmuşdular. N.Nərimanov Türkiyə-Rusiya münasibətlərinin sabahı haqqında fikir yürütməklə məhdudlaşmamış, mövcud siyasətin səhvlərini də göstərmişdir. Xüsusən Rusiyanın xalq xarici işlər komissarı Çiçerinin Türkiyəyə qarşı mövcud siyasətinə qarşı açıq-aydın barışmaz mövqeyini bildirərək 1921-ci ilin fevralında Leninə məktubunda yazırdı: “Mən Sizi xəbərdar etməyə borcluyam ki, yoldaş Çiçerin Şərq məsələsini dolaşdırır. O, erməni məsələsinə həddindən artıq uyur və məhz erməni məsələsi üzündən türklərlə aramızın dəyməsi nəticəsində nələr baş verə biləcəyini nəzərə almır. Mən qəti deyirəm, biz nəyin bahasına olursa-olsun türklərlə möhkəm ittifaq bağlamalıyıq”. Bununla yanaşı, N.Nərimanov müraciətlərinin birində deyirdi: “Əgər kamalçılar öz vətənlərinin, öz millətlərinin həqiqi azadlığını və dirçəlişini istəyirsə, onda sovet Rusiyası ilə yaxınlaşmalıdırlar”. O, Əbilova yazdığı məktubda fikirlərinin Atatürkə çatdırılmasını xahiş edirdi: “Çiçerinin Şərq siyasətində işlətdiyi fikirlər büsbütün yanlışdır. İran bizdən bilmərrə üz döndərdi. Çiçerin ingilislərə aldanıb bizim əlimizlə İran inqilabının çırağını söndürdü. İndi isə Türkiyə haqqında böyük səhvlər ediyor. Çiçerin siyasəti barəsində böyük bir məruzə yazıb göndərdik. Var qüvvəmizlə tənqid etdik. Siz isə gərəkdir orada bütün gücünüzü bu yolda sərf edəsiniz. Başa salasınız, Rusiya ilə əlaqələrini pozmayalar. Əgər Türkiyə, doğrudan da, xüsusi mənfəəti üçün yox, ümumi mənfəət üçün Şərqin xilasını istiyorsa, gərəkdir Rusiyaya yaxınlaşsın”. Bu yazıda Türkiyəyə ürək yandırmaqla yanaşı, N.Nərimanovun Rusiyadan təmənnası yalnız “Şərqin xilası” olmuşdur. Sovetlərin Türkiyə ilə sıx əlaqələrinin yaranmasında N.Nərimanovun mövqeyi və tövsiyələri həlledici rol oynamışdır.

news-detail

Leninin sağlığında SSRİ ilə Türkiyə arasında mövcud olan dostluq siyasətinin əsas memarı elə N.Nərimanov olmuşdur. Türkiyədən gələn hər hansı nümayəndə heyətini N.Nərimanov qəbul edərkən sinfi mübarizədə həmrəylik mövqeyindən deyil, qardaşlıq mövqeyindən danışıqlar aparmışdır. Mustafa Kamal Paşanın şəxsi nümayəndəsi olan Rza Nur xatirələrində yazırdı: “Onunla tez-tez və təkbətək görüşürdüm. Xeyli söhbətləşdik. Baxdım ki, gözəl bir insandır. Ona etimad təlqin edə bildim. Nərimanov açılışdı və dedi: Biz türkük, millətin ənənələri ilə yaşarıq. Çox xoşuma getdi və çox sevdim… Nəriman mənə Moskva haqqında çox gözəl məlumatlar verdi”.

Azərbaycanın Türkiyədəki nümayəndəsi İ.Əbilovla N.Nərimanov tez-tez yazışmışdır. N.Nərimanovun ona verdiyi tövsiyələr iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və sovet Rusiyasının Türkiyəyə qarşı siyasətinə müsbət istiqamət vermişdir. Azərbaycan KP MK Siyasi Bürosunun 1920-ci il 28 avqust tarixli iclaslarında N.Nərimanovun təşəbbüsü ilə Türkiyə haqqında məsələ müzakirəyə çıxarılmış və orada cərəyan edən milli-azadlıq hərəkatının dəstəklənməsinə qərar verilmişdir. Bu qərardan irəli gələn vəzifələrin həyata keçirilməsi N.Nərimanova həvalə edilmişdir. 1920-ci il aprel hadisələrindən sonra Bakıda həbs edilən 50 nəfər türk zabiti və əsgəri onun köməyi ilə azad edilmişdir.

Parisdə Yaxın Şərq problemləri haqqında konfrans olmalı idi. Konfransa Atatürk hökumətinin nümayəndələri ilə yanaşı, İzzət Paşanın rəhbərliyi altında sultan hökumətinin nümayəndələri də getdilər. Türk mətbuatı bu demarşı tənqid atəşinə tutdu. İ.Əbilov sultanı təmsil edən nümayəndə heyətinin inkar olunması təklifini irəli sürürdü. Paris danışıqları ərəfəsində boğazlar haqqında Azərbaycanın mövqeləri Türkiyə ilə yaxın olaraq qalırdı.

Sovet hökuməti Genuya konfransının təşkilatçıları olan Böyük Britaniya, Fransa, İtaliya dövlətlərinə müraciət edərək Türkiyənin də dəvət olunmağını təklif etmişdi. Lakin onlar buna etiraz etmişdilər. Belə olduqda N.Nərimanova Azərbaycanla yanaşı Türkiyənin də maraqlarını qorumaq həvalə edilmişdir. O, sonralar xatirələrində yazırdı: “Türklərin ədalətli tələblərini qızğın müdafiə etdik”. Bu konfransda Nərimanov Azərbaycan və Türkiyənin maraqlarını lazımınca təmsil etmişdir.

Malta adasında əsir saxlanılan 66 türk ziyalı və siyasi xadimin azad edilməsinə N.Nərimanov hökumət başçısı olaraq çox çalışmışdır. Həbs olunanların arasında Əhməd Ağaoğlu, böyük türkçü Ziya Göyalp, türk şairi Məmməd Emin, Türkiyə din xadimi şeyxülislam Hayri Efendi, bir sıra jurnalist, dövlət xadimi, hərbçilər var idi. Rusiya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britaniyanın nəzarəti altında olan ərazilərdə saxlanılan öz vətəndaşlarına dəyişmək istədikdə N.Nərimanov onların Kamalçılarla dəyişilməsindən ötrü Böyük Britaniya, Fransa və Rusiya hökumətləri ilə yazışmalar aparmış, onların ancaq Kamalçılara dəyişdirilməsini təkid etmiş, bu mövqeyini 1920-ci il 16 avqust və 2 oktyabr tarixli məktublarında əsaslandırmış və buna nail olmuşdur. N.Nərimanovun bu səyləri TBMM hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir.

news-detail

Türkiyənin maliyyə sıxıntıları haqda Doğan Avçıoğlu yazırdı: “Karabekir, Azerbeycan hükümetinden para istenmesini önerir. Atatürk, bilərək ki, Bakıda “Bolşevik Hükümeti vardır” 3 mayis tarihli Karabekire yazısıyla buna riza göstərir: “Elde beş para bulunmadığı sizce bilinmektedir. Şimdilik içeride bir kaynak da bulunmuyor. Başka tarafdan sağlanıncaya kadar Azerbeycan hükümetinden en geniş ölçüde borc alma olanağının düşünülmesi ve sağlanmasını rica ederim”. Bu müraciəti Türkiyənin Moskvaya gedən nümayəndə heyəti Bakıda dayanaraq Azərbaycan hökumətinin nəzərinə çatdırmışdır. “Eylüldə ilk altunlar gelir. Karabekir Paşa bu 500 kiloluk ilk parti altunun 200 kilosunu kəndinə alıkoyar, geri kalanını Ankaraya yollar”. Azərbaycan istər birbaşa, istər də Rusiya ilə birlikdə Türkiyəyə maddi kömək göstərmişdir. N.Nərimanov Azərbaycanın imkan dairəsində Türkiyəyə neft, benzin, kerosin və qızıl pul göndərməsinə tərəfdar çıxmışdır. O, Mustafa Kamal Paşaya ünvanladığı məktubunda yazırdı: “Paşam, qardaş qardaşa borc verməz, əl tutar”. Hələ 1921-ci ildə Azərbaycan Türkiyəyə 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərmişdi. “Azərneftesindikat” təşkilatının Türkiyənin bir neçə şəhərində – İstanbul, Qars, Samsun və Trabzonda şöbələri açılmışdı. Batum limanı vasitəsilə Azərbaycandan Türkiyəyə ancaq 1922-ci ildə 9294 ton kerosin və 340 ton benzin yola salınmışdı.

Türkiyə də öz növbəsində sovet Rusiyası və sovet Azərbaycanı ilə sıx əlaqələrin yaradılmasının tərəfdarı idi. Kazım Qarabəkir Paşa Azərbaycanın Türkiyədəki səfiri İ.Əbilovla söhbətdə deyirdi: “Biz belə inama gəldik ki, Türkiyənin və bütün müsəlman dünyasının yeganə çıxış yolu sovet Rusiyası ilə dostluqdur”. Moskva danışıqları dövründə Türkiyə nümayəndə heyətinin başçısı Yusif Kamal İ.Əbilovla söhbətində xüsusi vurğulayırdı ki, inqılabçı Türkiyə Rusiya ilə əlaqələrdən imtina etməməlidir və heç edə də bilməz, çünki Rusiya ilə əlaqələrimiz olmasa, Türkiyə Antantanın hücumuna davam gətirə bilməz. Onun nəzərinə Türkiyə Böyük Millət Məclisinin qərarını çatdırırdı: “Əgər inqilab prosesində olan bu iki ölkə (Türkiyə və Rusiya) bir-biri ilə sıx ittifaq bağlamasalar, məhv olacaqlar”. İ.Əbilov öz növbəsində Azərbaycan hökumətinə tövsiyələrini irəli sürürdü ki, Moskva gərək Türkiyə ilə danışıqlarda güzəştli olsun və erməni məsələsini qabartmasın. Türkiyədə baş verən hər bir ürəkaçan hadisə N.Nərimanov üçün xeyli dərəcədə əhəmiyyətli olmuşdur. O, 1921-ci ilin aprelində Mustafa Kamal Paşanı “Türkiyənin istiqlaliyyəti yolunda Antanta üzərində qazanılmış böyük qələbə münasibətilə təbrik etmişdir” (350, 28 aprel 1921, № 70), 1921-ci ilin sentyabrında isə Türkiyə Şərq cəbhəsi komandanı Kazım Qarabəkirin hərbi qələbəsindən qürur duyaraq Mustafa Kamal Paşaya və sərkərdəyə təbrik teleqramı göndərmişdir (350, 18 sentyabr 1921, № 179). O, Zaqafqaziya hökumətinin başçısı olaraq 1922-ci il sentyabrın 12-də Mustafa Kamal Paşaya Türkiyənin hərbi uğurları ilə əlaqədar teleqram vurmuşdur. Türkiyə qəzetləri olan “Vakt”, “Yeni gün” və b. N.Nərimanovun fəaliyyətini işıqlandırmış və yüksək qiymətləndirmişlər.

news-detail

Mustafa Kamal Paşa Nərimanovun siyasətini bəyənmiş və imkan dairəsində dəstəkləmişdir. İ.Əbilov Azərbaycan Xalq Xarici İşlər Komissarlığına yazdığı məktubda deyirdi ki, Mustafa Kamal Paşa N.Nərimanovun əvvəl Cənubi Qafqaz federasiyasının, sonra isə SSRİ MİK-in sədri seçilməyini alqışlayır. Mustafa Kamal Paşanın tapşırığı ilə Türkiyənin xarici işlər naziri Yusif Kamal xahiş edirdi ki, N.Nərimanov öz nüfuzundan istifadə edərək Qars müqaviləsinin respublikalar tərəfindən və ittifaq orqanlarında ratifikasiyasını təmin etsin. Deməli, bu sazişin birmənalı taleyi yox idi. Bu saziş rədd də oluna bilərdi. Onun ratifikasiyasında N.Nərimanovun xidmətləri olmuşdur.

N.Nərimanovun türkçülük mövqeyində önəmli yerlərdən birini müxtəlif ölkələrdə yaşayan türk alimlərinin səylərinin cəmləşdirilməsi, əlaqələndirilməsi və əməkdaşlığının qurulması tutmuşdur.

Türkoloji qurultay ideyası N.Nərimanova məxsus olmuşdur. 1922-ci il dekabrın 3-də Zaqafqaziya hökumətinin başçısı olaraq N.Nərimanov Tiflisdə Türk dram cəmiyyəti teatrındakı çıxışında deyirdi: “Türk aləmində böyük bir tərəqqi meydana gətirmək üçün İran, Türkiyə və cəmi türkcə danışan tayfaların bir konfransı fikri bizdə çoxdan bəri vardır və biz buna çalışmalıyıq. Fəqət konfransdan qabaq biz istərdik ki, yeni türk əlifbası (qrafikası) ilə nəşr edilmiş balaca kitabçalar olsun və biz onları konfransda material olaraq göstərək” (347, 1922, 16 dekabr, № 13).

Beləliklə, N.Nərimanovun milli dövlətçilik baxışlarında türk mövqeyi, ağır vəziyyətə düşmüş Türkiyəyə yardım etmək siyasəti özünü aydın şəkildə göstərmişdir. Bolşevik sistemi şəraitində N.Nərimanovun türk mövqeyi hakim partiya rəhbərləri ilə onun arasında ixtilafların yaranmasına təsir edən amillərdən biri olmuşdur. Bütün təzyiqlərə baxmayaraq, N.Nərimanov öz mövqeyindən geri çəkilməmişdir. Amma çox təəssüflər olsun ki, N.Nərimanovun bir çox xidmətləri sonralar unudulduğu kimi bu xidməti də yaddan çıxmışdır.

Son.

P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here