Putin Qəzzafinin oğluna siyasi sığınacaq verir

9

Rusiya prezidentinin bu təklifini Qərb mediası Liviyanın sabiq rəhbərinin qızıllarının və 200 milyard dollarının ələ keçirilməsi üçün atılacaq addım sayır; devrilmiş diktatorların varidatı uğrunda mübarizə yenidən şiddətlənir

40 incəbel qızın əhatəsində dincələn, əylənən şahlar barəsində kinofilmlərə də baxmışıq, nənələrimizin dilindən uzun nağıllar da dinləmişik. Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi bu qədim mövzuya yeni məzmun verir 1980-ci ildə. Şərqi Almaniya kəşfiyyatı “Ştazi”nin təklifi ilə o, özünün bütün kişi cangüdənlərini qadınlarla əvəzləyir. Qadın cangüdənlərdən bircə özəl xahişi olur Qəddafinin. Bir məni qoruyun, bir də öz bəkarətinizi, qızlığınızı.

DOSYE: Qəddafinin qadın cangüdənləri. Ayrıca elit qvardiya. Ömrü: cəmi 31 il (1980-2011). Sayı: 200-400 nəfər. Belə cangüdənlərin biri – Ayşa adlı zənci qızı 1998-cı ildə öz bədəni ilə Qəddafini örtərək onu düşmən gülləsindən, labüd ölümdən qoruyub.

Müəmmər Qəddafi çox vasvası, ehtiyatlı idi – nə insanlara etibarı vardı, nə də ki, daş binalara. Səhrada doğulmuş, sonunu səhrada tapmış bu əndirəbadi dövlət başçısı özünü ancaq çadırda rahat hiss edirdi. Çadırlarda isə nağıllardan bildiyimiz kimi, 40 incəbel qızın varlığı mütləq şərtdi.

“Qəddafinin 40 incəbel cangüdəni, bahalı çadırı” mövzusu, vaxt vardı qəzet manşetlərindən düşmürdü. 2008-ci ildə Moskvaya gələn Qəddafi elə bil burda “Min bir gecə” nağıllarını səhnələşdirir. Çadırını qurur Kremldəki “Taynik” parkında. Qadın cangüdənlərinə göz vurur çadırına girib-çıxanları alt tumanına qədər yaxşıca yoxlasınlar. Bu, həddən artıq əziz, hətta doğma görünür rus jurnalistlərinə. Qəddafidən müsahibə götürmək istəyənlərin sayı ağlasığmaz dərəcə də artır.

Amma…

Amma çadırdakı ekzotika təkcə elə bu saray mənzərələri ilə kifayətlənmir. Çadırın işıqlı, şəffaf divarlarına bir an bəzi müəmmalı kölgələr qonub tez də gözdən silinir. Sonradan jurnalistlər bu kölgələrin kimliyini barədə maraqlı mülahizələr söyləyirlər. İddialara əsasən aşağıdakı məzmundaydı – “Kölgələrdən biri rus gözəli Nadya X.-a məxsusdu. O, Qəddafinin varisi Seyf əl-İslamın halalca, kəbinli arvadıdır. Nadya hətta İslamı qəbul edib. Toyundan azca əvvəl Vyanadakı bir klinikada öz bəkarətini təcili bərpa edib ki, Seyfəlin anası Səfiyə Fərkeş barəsində əyər-əskik danışmasın”.

İndi – 9 il sonra, Qəddafinin varisi Seyf əl-İslamın Rusiya ilə məxfi əlaqələri mövzusu yenidən dünya mass-mediasının manşetlərinə sıçrayıb. İtalyanın aparıcı qəzeti “Corriere della Sera” iddia edir: “Rusiya prezidenti Vladimir Putin, Suriya təcrübəsini Liviyada daha dinc şəkildə təkrarlamağa hazırdı. Ruslar, bu dəfə Seyf əl-İslamı gözaltı edib ona siyasi sığınacaq verməyə hazırdılar. Bu, şəxsən Putinin təklifidir. Seyfi təklifi qulaqardına vursa da, anası Səfiyə tam tərsinə, buna diqqətlə yanaşıb. Oğluna deyib ağlını yığ başına… Bir də kimdi sənə bu cür təklif eləyən. Danışıqlar, Seyfini qazamatda saxlayan ”Zintan briqadası” ilə Kreml arasında aparılır”.

Seyf əl-İslamın bu təklifdən qaçma səbəblərini qəzet belə izah edir indi: “O, daxilən Rusiyaya etibar etmir nədənsə. Elə bilir ruslara Qəddafinin qızılları, 200 milyardlıq var-dövləti lazımdı, nəinki doğmaca oğlu. Niyə? Bu suala indi heç kim cavab verə bilməz”.

Ancaq bu sualların cavabı var. Var əlbəttə ki. Özü də bilirsizmi hardadı bu sualların cavabı? Nadya ilə Seyfinin eşq, evlilik macərasında.

GÖYÇƏK FATMANIN NAĞILI: 1 iyul 2005-ci ildə Moskvada jurnalist-teleaparıcı Ksenya Sobçak ilə həmkarı Şusteroviç çoxlarını öz toy məclisinə dəvət edirlər. Dəvətlilərin biri – Qəddafinin oğlu Seyfi, bir kənarda duraraq toydakı gözəl qızlara çox baxır, çox baxır… Axır, qərara gəlir məclisdəki dünya gözəli Nadya X. – a yaxınlaşsın. Dəbdəbəli vizit kartını, hamının gözü qarşısında Nadyaya ötürən Seyfi day məclisdə çox da yubanmır. Seyfinin ardınca gözünü döyə-döyə qalan Ksenya Sobçak dərindən bir “Ah!” çəkir bu zaman. Ərini unudub xəyallara qapılır.

BƏKARƏTİN BƏRPASI: Nadya ilə Seyfi, elə ilk telefon söhbətlərindən sonra evlənməyə qərar verirlər. Nadya X. hadisələrin gur axarını sonradan belə xatırlayacaq: “Qəddafilərin dəbdəbəli mülkləri Trablus aeroportuna yaxın yerdə yerləşirdi. Nəhəng ərazi ayrı-ayrı hissələrə bölünmüşdü. Hər ərazinin öz vəhşi heyvanı vardı. Biz tərəfdəkı dərin sükutu vaxtaşırı zəncirli bir pələngin nəriltiləri pozurdu. Qəddafinin yaşadığı hissə səhranı xatırlatdı bir an mənə. Orda sürünənlər – yəni ilan, əqrəb hər addımdaydı. Gördüm, hovuzdan dəqiqəbaşı timsahın vəhşi sifəti çıxır. İlk dəfə bax bu zaman bərk qorxub sifətimi Seyfinin qoynunda gizlətdim. O, mənə dedi ki, toy gecəsi bəkarətimi anası Səfiyə yoxlayacaq. Parisdə klinikamız var. Təcili uç Parisə. Bəkarətini bərpa et. Mən karıxdım əvvəlcə. Sonra cürətlənib dedim klinikanız elə yalnız bu sahədə ixtisaslaşıb? Seyfi güləndə gördüm Qəddafi bayaqdan bəri bir kənarda duraraq bizi müşahidə edir”.

***

Əməliyyat uğurla bitincə Nadya tezbazar, hövlnak Trablusdakı həmin mülkə qayıdır: “Həkim çoxsaylı şahidlərin hüzurunda mənim bakirəliyimi Seyfinin əvvəlcə anasına, sonra çoxsaylı xalalarına sərgilədi. Gərdəkdəykən, yadımdadı, səmaya yeddi dəfə yaylım atəşi açıb məni xeyli dərəcədə güldürdülər. Liviyadakı içki qadağasına baxmayaraq Qəddafilərin evində içki boldu. Xüsusən konyak içkiləri. Niyə? Rəngi çayı xarıtladır deyə. Süzürsən fincanına, özünü vurursan tülkülüyə, guya çay içirsən. Seyfi ilə mən möhkəmcə bu tülkülüyə yuvarlandıq. Bütün günü guya çay içib gerizəkalı, çadralı anasını aldadırdıq. Qəddafiyə gəldikdə isə onunla ilk dəfə səhrada görüşdüm. O, mənim əlimi tutub xeyli ovcunda saxladı. Ərəbcə uzun bir nitq söylədi üzümə”.

KİÇİK HAŞİYƏ: Qəddafinin uzunçuluğu, uzun nitqləri məşhurdu. Bir dəfə – 2009-cu ildə BMT-nin 64-cü sessiyası zamanı 15 dəqiqə əvəzinə düz saat yarım danışıb o. Nəticədə sinxron tərcüməçi huşunu itirib.

***

AYIN GÖRÜNMƏYƏN TƏRƏFİ: Ancaq mən, oxucularımdan xahiş edərdim aldanmasınlar bu şirin xatirələrə. Elə bilməsinlər bütün bunlar təkcə elə kor bir təsadüf, başgicəlləndirici eşq macərasıdır. O vaxtlar Qərb sanksiyaları məngənəsində çapalayan Liviya uzaq Rusiya ilə tam müstəqil, hüquq normaları çərçivəsində leqal əlaqələrə möhtacdı. Qəddafilərin hədəfi gizli idi – Rusiyaya pul, qızıl daşımaq. Rusiya, Ukrayna, Qazaxıstanda nəhəng əkin sahələri satın almaq və s.

Demək istəyirəm, Nadyanı Liviyaya, Qəddafilərin evinə sənədlərdə, göstərildiyi kimi, təkcə elə rus borşu bişirməyə xatir dəvət etməmişdilər. Nadya öz xatirələrində belə gizlinlərə astaca işarə vurub. Deyib: “Məxfi əməliyyatlar, pul transferləri alınmayanda Qəddafilər öz acıqlarını adətən həyətlərindəki heyvanlardan, ilk növbədə eşikdə asudə gəzişən pələnglərdən alırdılar. Bircə sərrast gülləylə öldürürdülər bu heyvanları. Əvvəlcə mən buna etiraz edirdim. Sonra öyrəşdim. İnanın, mən bu ailədə çox vəhşi heyvanın acınacaqlı sonunu görüb sual verdim axır özümə – məni bəs necə, belə sonluq gözləmirmi?”

Image result for Qəddafinin oğlu

***

Qəddafilərin hər ikisi – Müəmmər də, Seyfi də eyni taktika ilə hərəkət edirmişlər MDB məkanında. Üzdə guya gözəllik yarışması keçirirdilər Ukraynada. Guya ailə qururdular, yuxarıda göstərdiyimiz kimi, bir rus gözəli ilə. Gizlində isə mal-dövlət yatırırdılar ucsuz-bucaqsız MDB, Rusiya ənginliklərində. Qızıllarını gizlədirdilər yerli bankların dəmir seyflərində. Deyilənə görə, təkcə Ukraynada aldığı qara torpaq sahələrinə Qəddafilər 3 milyard dollar pul xərcləyiblər.

QƏDDAFİLƏRİN VAR-DÖVLƏTİ: Sabiq Liviya Milli Bankının sədri Qasim Əzizin sözlərinə görə, Müəmmər Qəddafi, oğlu Seyfi dünyanın ən varlı, pullu milyarderlərindən dəfələrlə çox varlı olublar. Pulu hardasa 200 milyarddan çox olub.
Liviyanın əsas qızıl ehtiyatı, 857 daşınmaz əmlakı müxtəlif xarici ölkə ərazilərində, o cümlədən Rusiyada idi. Britaniya qəzeti “Daily Mail” təkid edir: “2013-cü ilin 1 fevralınadək Qəddafinin 200 milyard dollar pulundan cəmi 97 milyardın dəqiq ünvanını, yerini müəyyən etmək mümkün oldu”.

Image result for Qəddafinin oğlu

Misir finansisti Bəşir əl-Hüseyn mövzunu davam etdirir: “2011-ci ilin aprelinədək Qəddafinin Trablusdakı iqamətgahının təkcə elə zirzəmilərində 143, 8 ton xalis qızıl külçələr gizlədilmişdi. Bu ehtiyatdan iki dəfə çox qızıl Liviya Mərkəzi Bankının polad seyflərində qorunurdu. Qəddafinin, Seyfinin ixtiyarında həm də qızıl yüklü avtomobil karvanları da varmış. Qəddafinin ana hədəfi maliyyə dövriyyəsinə qızıl dinar çıxarmaq idi. 2011-ci ilin mayında qızıl dolu iki avtomobil karvanı Nigeriya muzdlusu Aqali Alombonun müşayiəti ilə Liviya səhrasına çıxır və saman tayasında itmiş iynəyə dönür orda”.

AFRİKA “KRALI”: 2010-cu ilin avqustunda kosmik fəzaya ilk Afrika süni peykini göndərməklə Qəddafi bu qitəni Qərbin informatik asılılığından qurtarmağı bacarır. Nəticədə “Afrika kralı” adına layiq görülür.

O, həm də Liviya ərazisi altında nəhəng içməli su hövzəsini aşkarlamışdı. Bu suyu çıxarıb bütün qitənin kənd təsərrüfatını dirçəltmək istəyirdi. Əməli çox işlər görmüşdü bu sahədə – karxanalar tikib, boru xətləri salmışdı. Qalırdı bircə…

***

ORTADAKI SATQIN: Qəddafinin kürəyinə arxadan ilk zərbəni bilirsizmi kim vurur? Deyim də kim – Məhəmməd Layes. Bu “Liviya xarici İnvestiyalar Fondu” rəhbəri əvvəlcə külli miqdarda məbləğləri ABŞ banklarının depozit hesablarına yatırdır gizlincə. Sonra Avropa banklarına 45 milyard dollar pul qoyur. İki ay sonra bəlli olur ki, bu məbləğlər dondurulub.

“WikiLeaks” saytında bu barədə bir çox məxfi sənədlər mövcuddu. Maraqlansanız, ünvanı dəqiq göstərərəm sizə.

Qəddafi bu pulları xarici banklara deyil, bütün Afrika ac-yalavaclarına, öz vətəndaşlarına paylamaq istəyirdi. Deyirdi bu pul xalqındı, xalqa da çatmalıdı. Lakin Qəddafinin bu mövqeyi Məhəmməd Layes kimi yerli məmurlar arasında nigarançılıq hissi doğurur. Axır bu, Qəddafiyə xəyanətlə nəticələnir.

O ki qaldı Qəddafinin Trablusdakı iqamətgahında qorunan 143, 8 ton qızıla… Nadya X. öz əri Seyfi ilə məhz bu ünvanda yaşayıb bir müddət. Görünür, burdakı çox gizli mətləblərə agah olub.

Qəddafinin ruslara borcu çox saylı sıfırlarla işarələnsə də, pulu geri qaytarmağa tələsmirdi. Elə hey yubadırdı. Livanın məşhur “əl-Mənar” telekanalı məsləhətçisi Ömər əl Məhdi deyir ki, Liviya qazamatlarının birində iki rus vətəndaşı indiyədək həbsdədir. Hər ikisi Qəddafi ilə sıx əməkdaşlıqda ittiham edilir.

Deyilənə görə, ipucları məhz bu şəxslərin bank hesablarındadır.

Image result for Putin

Rəsmi Kreml əvvəllər bu barədə ağzına su almışdısa, indi belə deyil. İndi Kreml, şəxsən Putin özü Liviya hadisələrinə, düzünü desək, “Liviya qızılı” mövzusuna qarışmaq istəyir.

Bizi izləyin. Yaxında bu mövzu ətrafında əməlli-başlı hay-küy qalxacaq.

***

Deyilənə görə, Qəddafi içdiyi çayı kimsəyə etibar etməz, həmişə elə özü dəmləyərmiş. Heyif o, bu ehtiyatlılığını başqa sahələrdə təkrarlamadı. Qəddafinin məşhur çadırını görmək isə artıq kimsəyə müyəssər olmayacaq. 23 avqust 2011-ci ildə, ölümündən düz iki ay əvvəl düşmənləri bu çadırı Trablusdakı “Bab əl-Əziziyə” sarayında qənimət kimi ələ keçirib sonra telekameralar önündə yandırıblar.

Qəddafinin cansız bədəni düz on gün nəhəng soyuduca asılaraq ətrafdakılara nümayiş etdirilib. Onun zamanında Liviyada adambaşına düşən illik gəlir 14 min 192 dollar idi. Saxta dərmanlara görə isə müqəssirlər güllələnməyə məhkum edilirdilər.
İndi bütün bunlar əfsanəyə bənzəyir.

Qəddafinin çox acınacaqlı sonu oldu. Demək, əcəl gələndə, adamı ölümdən heç qadın cangüdənləri də qurtara bilməz…

Həmid HERİSÇİ

musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here