Şahdəniz-2 üçün birinci platformanın üst tikililəri quraşdırıldı

6

Şahdəniz-2 üçün birinci platformanın üst tikililəri quraşdırılıb.

Bu barədə Trend-ə BP-Azərbaycandan məlumat verilib.

Şahdəniz-2 üçün inşa olunmuş Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililərinin STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18.00-da bu qurğu öz daimi yerinə çatıb. İyulun 3-də səhər isə onun artıq həmin yerdə quraşdırılaraq üst tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanıb.

STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb.

Ötən gün axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülüb və sazlama-montaj işlərinə hazırlıq başlanıb.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond deyib ki, bu, gözəl xəbərdir: “Şahdəniz-2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here