Trampın qiyamət günü

6

Bu gün ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senaın kəşfiyyat komitəsində ifadə verəcək və prezident Donald Trampın Rusiya ilə əlaqələrinə dair aparılan təhqiqat zamanı Ağ ev rəhbərinin ona təzyiq edib-etmədiyi barədə kritik suallara cavab verəcək. Bu dinləmə ABŞ prezidenti üçün olduqca kritik hesab olunur və əgər Senatın kəşfiyyat komitəsi Trampın FTB direktoruna təzyiq etdiyi qənaətinə gəlsə onun barəsində impiçment prosedurunun başlanması təhlükəsi daha da artacaq.

Virtualaz.org xəbər verir ki, bu dinləmə ərəfəsində Ceyms Kominin yazılı ifadəsi Senatın kəşfiyyat komitəsi tərəfindən açıqlanıb. Bunun Kominin istəyi ilə baş verdiyi bildirilir. Mətbuat keçmiş FTB direktorunun bu taktikasını onun hakimiyyətdaxili intriqalardan həmişə qalib çıxması və siyasi uzaqgörənliyi ilə əlaqləndirir.

Həmin ifadədə  FTB-nin keçmiş direktoru deyir ki, prezident Tramp ondan loyallıq tələb edib və özünün milli təhlükəsizlik müşavirinin Rusiya rəsmiləri ilə əlaqələrinə dair cinayət təhqiqatını dayandırması üçün ona təzyiq göstərib.

Bu qeydlər Trampın öz milli təhlükəsizlik müşaviriMaykl Flinnə dair FTB təhqiqatına müdaxilə etdiyi barədə bu yaxınlarda yayılmış bir neçə səs-küylü mətbuat xəbərləri ilə səsləşir. Flinn yeni postunda heç bir ay da oturmadan, fevralın 13-də Ağ Ev rəsmilərinə özünün Rusiya rəsmiləri ilə təmasları barədə yanlış məlumat verdiyinə görə vəzifədən kənarlaşdırılıb.

Yazılı ifadəsində Komi  bildirir ki, yanvarın 27-də Trampla etdiyi şəxsi şam yeməyi zamanı prezident ondan FTB direktoru olaraq qalmaq istəyib-istəmədiyini soruşub. Komini  bu vəzifəyə Barack Obama təyin etmişdi. O,  yazırki, cavabında özünün 10 illik müddətini tam şəkildə başa vurmaq istədiyini deyib və “siyasi baxımdan heç kimin tərəfində olmadığını” bildirib.

Ceyms Kominin bildirdiyinə  görə, Tramp ona deyib ki, “mənə loyallıq lazımdır, mən loyallııq gözləyirəm”. Komi bunun cavabında özünün təmizliyini təklif etdiyini deyib. Tramp bundan sonra deyib ki, o “təmiz loyallıq” istəyir. Komi  bu dəfə deyib: “Siz məndən bunu görəcəksiniz”.

Fevralın 14-də Ağ Evdə keçirilən görüşdə Tramp büronun Flinnə dair təhqiqatı məsələsində FTB direktoruna təzyiq göstərib: “Mən ümid edirəm ki, bu məsələnin başa çatması üçün, Flinn məsələsinin başa çatması üçün çıxış yolunu görürsünüz. O yaxşı oğlandır”. Daha sonra Ceyms Komi  yazılı ifadəsində bildirir: “Mən başa düşmüşdüm ki, prezident Flinnin dekabr ayında Rusiya səfiri ilə söhbətinə dair verdiyi yanlış məlumatla bağlı bizim təhqiqatımıza xitam verilməsini rica edir”.

Tramp Komini mayın 9-da vəzifəsindən azad edib və bununla da Vaşinqtonu silkələyərək öz prezidentliyinə şübhə kölgəsi salıb. Yazılı ifadəsində Komi  həmçinin bildirir ki, Trump özünün federal təhqiqat altında olmadığı barədə açıq bəyanat verməsi üçün ona təzyiq göstərib. Martın 30-da telefon zəngi zamanı Tramp Komidən onun üzərindəki bu “buludu necə qaldırmağın” lazım olduğunu soruşub.

Keçmiş FTB direktoru yazır: “Mən cavab verdim ki, biz bu (Rusiya) məsələsini mümkün qədər tez araşdırmağa çalışırıq və biz bu yaxşı işin nəticəsində heç nə tapa bilməsək, hamı üçün böyük bir fayda olacaq”. Keçmiş FTB rəhbəri yazır: “O razılaşdı, lakin sonra bunun onun üçün yaratdığı problemlər məsələsini bir daha vurğuladı”.

Kominin ifadəsi ərəfəsində ABŞ kəşfiyyat strukturlarının indiki rəhbərləri də Senatın kəşfiyyat komitəsində dindiriliblər. Onlar prezident Donald Tram-ın, onun yaxın çevrəsinin Rusiya ilə əlaqələrinə dair təhqiqata müdaxilə edib-etməməsi barədə suallara cavab verməkdən imtina ediblər.

Senatda keçirilən dinləmə zamanı demokratlar və bəzi respublikaçı millət vəkilləri Milli Kəşfiyyatındirektoru Dan Koats  və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Mayk Rocersi suallarla sıxışdırıblar. Suallar Trampın FTB təhqiqatı ilə bağlı onlara təzyiq göstərib-göstərməməsi ilə bağlı idi.

“The Washington Post” qəzeti iyunun 6-da yazıb ki, Tramp Flinn  barədə FTB təhqiqatına müdaxilə etməsi üçün Koatsa təzyiq göstərib. Koats suallara cavab olaraq deyib ki, “o heç vaxt kəşfiyyatın siyasiləşdirilməsi istiqamətində özü üzərində təzyiq hiss etməyib”.

Bununla bərabər, həm Koats, həm də Rocers  deyiblər ki, onlar Trampla bəzi şəxsi söhbətlərinin təfərrüatlarını açıq dinləmədə deyə bilməzlər. Koats deyib ki, o məxfi informasiyanın ictimai dinləmədə açıqlanmasına yol verə bilməz.

Mayın 17-də ABŞ Ədliyyə Nazirliyi keçmiş FTB direktoru Robert Mülleri FTB-nin təhqiqatına nəzarət etməsi üçün xüsusi prokuror postuna təyin edib. Eyni məsələ FTB-dən başqa Konqresin azı iki komitəsi tərəfindən araşdırılır.

İndi əsas diqqətlər Bakı vaxtı ilə axşam saatlarında Ceyms Kominin Senatdakı ifadəsinə yönəlib və bu dinləmələri aparıcı telekanallar canlı yayımlayacaqlar. Trampın komandası isə Ceyms Kominin ifadəsində FTB-nin prezidentin barəsində təhqiqat aparmadığı barədə göstərilənlərdən çıxış edərək bir qədər dərindən nəfəs alıblar. Lakin o biri tərəfdən Ceyms Komi ifadəsində prezidentin ona Flinnlə balı təzyiq etdiyini göstərir. Bu baxımdan vəziyyət ziddiyətlidir. Trampın köməkçiləri Kominin qatılacağı dinləmələr zamanı prezidentin Tvitter-lə əlaqəsini kəsmək və beləlikləd də situasiyanı daha da mürəkkəbləşdirəcək qeydlər yazmasını əngəlləmək üçün onun proqramına əl gəzdiriblər. Belə ki, Flinn Senatda çıxış edəndə  Tramp  “Faith and Freedom Coalition” dini təşkilatının tədirində çıxış edəcək…

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here